Allergiya,Yaranma səbələri və müalicəsi

Allergiya (yun. «allos» – başqa, özgə; «erqon» – iş, fəaliyyət, təsir) – orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır.

allergiya hakkinda ümumi mülumat

Allergiya yunan dilində özgəyə münasibət mənasını bildirib, orqanizmin immun sisteminin hədsiz həssaslığı deməkdir.İlk dəfə 1906-cı ildə bu termini işlədən Vyanalı pediatr Klement Fon Priket diqqət yetirib ki,onun pasientlərinin çoxundakı xəstəlik simptonlarını ətraf mühit allergenləri yaradır.

Orqanizmin yad və ya potensial təhlükəli hesab edib,ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir.Allergiya törədən antigenlər allergen adlanır.

Allergik xəstəliklərin tarixi

Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın,Qalenin vaxtından məlumdur.1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir.Fransız alimi Şarl Rişe,rus alimi Q.P.Saxarov,ingilis pediatrı Smit,yirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş,müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər.Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur.Müəyyən edilmişdir ki,immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin,yaxud maddənin onun özününmü,və ya ona yadmı olduğunu yaxşı bilir.Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.

Allergiyanın yaranma səbəbləri

Bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenler) kəskin reaksiya verərək müxtəlif kimyəvi maddələr istehsal edir.Onlardan biri allergik  simptom yaradan histamindir.Orqanizmin reaksiyası (allergen, qida qəbulunda) tənəffüs və dəri kontaktı ilə yaranır.

Allergenlər

  • heyvan tükləri
  • narın tüklər
  • müxtəlif ərzaqlar
  • toz
  • dərman preparatları
  • kosmetik məhsullar
  • siqaret tüstüsü

ola bilər.Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır.O,ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana,bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.

Allergiya

  • bəzi heyvan növlərinin tüklərinə
  • müxtəlif ərzaqlara
  • toza
  • dərman preparatlarına
  • kimyəvi məhsullara
  • həşərat sancmalarına və  çiçək tozlarına

qarşı yarana bilər.Allergiyaya səbəb allergen adlı maddələrdir.Bəzən allergiya hətta o qədər zəif ola bilər ki,siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz.Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər.Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər.Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır.

Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər:

    • dərman preparatlarından
    • həşərat sancmalarından 
    • qida məhsullarından
    • Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər.

    Allergiyanın  növləri

    1. Sürətli allergik reaksiyalar,allergik xəstəliklər.Bunlar antigenin orqanizmə daxil olduğu vaxtdan bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə meydana çıxır və B – limfositlərinin iştirakı ilə həyata keçir.
    2. Ləng gedişli allergik reaksiyalar.Allergen orqanizmə daxil olduqdan bir neçə sutka sonra allergik xəstəlik baş verir.Bunların patogenezində T – limfositlər iştirak edir.

    Müxtəlif yollarla orqanizmə daxil olmuş yad cisim (kimyəvi maddələr, qida və ərzaq məhsulları, dərmanlar, tozlar, ətirlər və sairə – onları yüzlərlə saymaq olar) allergen olub xəstəlik törədə bilər.
    Bir sıra dərman maddələri və kiçik molekullu kimyəvi birləşmələr tam antigen xüsusiyyətinə malik olmayıb, ayrı-ayrılıqda orqanizmdə əks-cisimlərin əmələ gəlməsinə səbəb olmur.Hapten adlanan bu maddələr orqanizmdə zülallarla birləşdikdən sonra tam antigen xüsusiyyətləri kəsb edir.

    Daxil olan allergenlərə qarşı orqanizmin hasil etdiyi əks-cisimlər allergenləri tutaraq,antigen – antitel kompleksi əmələ gətirir.Həmin kompleks orqanizmdə bioloji fəal maddələrin (histamin, serotonin, asetilxolin, prostaqlandinlər, kininlər və s.) ifrazına səbəb olur ki,bu da allergik xəstəlik üçün zəmin yaradır.

    Tənəffüs və qida ilə,habelə parenteral yolla orqanizmə daxil olmuş hər bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər.Bu kompleks qan dövranında əmələ gəlirsə,sürətli allergiya reaksiyaları – anafilaktik şok,serum xəstəliyi,bronxial astma,övrə,Kvinke ödemi və s. baş verir.Hüceyrə ilə əlaqədar ləng gedişli allergik reaksiyalara isə allergik kontakt dermatiti,toksik allergik dermatit,bakterial allergiya,transplantatın ayrılma reaksiyası,autoallergik xəstəliklər və s. aiddir.
    Düzdür, allergenlərin orqanizmə daxil olması o qədər də asan deyil.Çünki hər bir canlıda olduğu kimi, insan orqanizminin də müdafiə qüvvələri vardır.

    Orqanizmin müdafiə qüvvələri dörd-beş qat baryerdən ibarətdir:

    1. Dəri örtüyü və selikli qişalar (ağız boşluğu, mədə-bağırsaq, ağciyərlər və s.) onların üzərinə düşən hər bir orqanizm üçün yad maddəni neytrallaşdırır və orqanizmdən kənar edir.Odur ki, əksər hallarda bu maddələr orqanizmə daxil ola bilmir.
    2. Əgər bu maddələr hər hansı yolla dəridən və selikli qişalardan orqanizmə daxil olursa (zədələnmə nəticəsində),limfa və qan dövranında olan xüsusi «müdafiəçilər» onları məhv edir.
    3. Bu iki «mühafizə xəttini» keçə bilən allergenlər üçüncü «cəbhənin» müqavimətinə rast gəlir.Bu da orqanizmin hüceyrə və toxumalarıdır;onların da özünümüdafiə sistemi vardır.Çox hallarda həmin mühafizəçilər allergeni məhv edir və nəticədə xəstəlik baş vermir.
    4. Üçüncü mühafizə xəttini keçə bilən maddələr əleyhinə ən güclü baryerlər olan sinir sistemi və endokrin vəziləri işə qoşulur.

    Limfositlərin orqanizmə daxil olmuş allergenlər əleyhinə hasil etdiyi mühafizə maddələri – əks-cisimlər qan dövranı vasitəsilə bütün orqanizmə yayılır.Bunlar ən çox allergenlərin orqanizmə daxil olduğu yerlərə yığılır, orqanizmi müdafiə etmək məqsədilə allergenləri yaxalayır və onlarla birləşir.Beləliklə, allergen-antitel kompleksi əmələ gəlir ki,allergik xəstəliyin əsas mahiyyəti də bundan ibarətdir.

    Əgər hər hansı bir xəstəliyin baş verməsində allergen-antitel kompleksi əmələ gəlmirsə,o, allergik xəstəlik sayılmır.

    Müdafiə məqsədilə ifraz edilmiş bioloji aktiv maddələr dəri örtüyünün reaksiya gedən sahəsini qızardır, şişirdir, orada xırda sudurcuqlar və düyüncüklər əmələ gəlir, qaşınır. Buna allergik dəri xəstəliyi deyilir.

    Allergiyanın 2 növü;

    1. aktiv
    2. passiv növləri

    ayırd edilir.Əksər hallarda allergik reaksiya orqanizmin aktiv iştirakı ilə,yəni allergenin bilavasitə bədənə daxil olmasına və ya orqanizmdə əmələ gəlməsinə cavab olaraq əmələ gəlir.Bu,aktiv allergiyadır.

    Passiv,transplantasiya edilmiş və ya köçürülmüş allergiya tərkibində allergik antitellər olan qanın və ya qan komponentlərinin (məsələn, qan və ya plazma köçürüldükdə),yaxud da əvvəllər allergiyalaşmış bir fərdin limfositlərinin orqanizmə daxil olması nəticəsində törənir.

    Həm sürətli, həm də ləng gedişli allergik reaksiyaların patogenezində 3 mərhələ ayırd edilir:

    1. immunogen və ya immun reaksiyalar mərhələsi;
    2. patokimyəvi və ya patobiokimyəvi mərhələ;
    3. patofizioloji və ya klinik əlamətlər mərhələsi.

    İmmun reaksiyalar mərhələsində orqanizmə daxil olan allergenə qarşı spesifik antitellər (əks-cisimlər) əmələ gəlir.Bu, orqanizmin həssaslığını yüksəldir – sensibilizasiya törədir.Orqanizm antigenin təkrar daxil olmasına allergik reaksiya ilə cavab vermək qabiliyyəti kəsb edir.Allergenin orqanizmə ilk dəfə daxil olan miqdarı (qramın yüzdə, mində biri qədər) sensibilizasiyaedici,təkrarən daxil olub,allergiya törədən miqdarı (birincidən təxminən 10 dəfə artıq) isə həlledici doza adlanır.

    İnkişaf edəcək allergiya reaksiyasının növü allergenə qarşı sintez edilən antitelin xarakterindən asılıdır: humoral antitellər sürətli, xüsusi antitellərə və ya reseptorlara malik immun hüceyrələr (sensibilizasiyaya uğramış limfositlər) isə ləng gedişli allergik reaksiyanın əmələ gəlməsinə səbəb olur.

    Allergik antitellər qan qlobulinlərinin formaca dəyişilmiş növünə oxşar olub, 2 əsas qrupa bölünür:

    1. Fiksasiya olmuş (hüceyrə) antitellər – ləng tipli allergik reaksiyalarda iştirak edir.
    2. Sərbəst (sirkulyasiya edən) antitellər – qanda və digər bioloji mayelərdə olub, sürətli allergik reaksiyalarda iştirak edir.
    Sirkulyasiya edən sərbəst antitellərdən presipitasiya törədənləri;
    • serum xəstəliyində
    • anafilaktik şokda(insanda və heyvanlarda)
    • dovşanlarda allergik iltihab zamanı(Artyus fenomeni)
    • yumurta zülalına qarşı allergik reaksiyada

    və s. aşkar edilir.

    Presipitasiya törətməyənlərə reagentlər;

    blokada edən antitellər və s. aiddir.

    Reagentlər pollinozlar(ot qızdırması),atopik bronxial astma zamanı müşahidə edilir.Reagentlər adi seroloji reaksiyalarla (presipitasiya, komplementin birləşmə reaksiyası)aşkar edilməyib,ancaq sağlam dəridə passiv sensibilizasiya törətdiyi üçün sensibilizasiyaedici dəri antitelləri adlanır.
    Sensibilizasiyaya uğramış orqanizmə təkrarən spesifik allergen daxil olduqda,antitellə allergen arasında fiziki-kimyəvi reaksiya gedir və yüksəkmolekullu allergen – antitel kompleksi əmələ gəlir.Bu komplekslərin yarandığı andan allergik reaksiyaların ikinci – patokimyəvi dəyişikliklər mərhələsi başlanır.

    Allergen – antitel kompleksləri toxumalarda fiksasiya olaraq,maddələr mübadiləsində bir sıra dəyişikliklər törədir.
    • İlk növbədə toxumanın oksigeni mənimsəməsi fazalı surətdə pozulur (artır, sonra azalır).
    • Orqanizmin komplement sisteminin, proteolitik və lipolitik fermentlərin aktivliyi artır ki, bu da müvafiq hüceyrələrin funksiyalarının dəyişilməsinə səbəb olur. Məsələn, birləşdirici toxumanın iri hüceyrələrinin, leykositlərin (xüsusən bazofillərin və neytrofillərin) parçalanması nəticəsində çoxlu miqdarda fizioloji aktiv maddələr azad olur.

    Allergiya prosesinin sonrakı inkişafı və gələcək klinik mənzərəsi patokimyəvi mərhələdə hasil olan fizioloji və ya bioloji fəal maddələrin yəni mediatorların xarakterindən asılıdır.

    Sürətli allergik reaksiyaların həmin mərhələsində əsasən histamin,seretonin,geparin,prostaqlandinlər,LTAM (ləng təsirli allergiya maddəsi) və s.,

    Ləng gedişli allergik reaksiyalarda limfokinlərin müxtəlif növləri (keçid amili, mitogen amillər, xemotaksis amili, limfotoksin, interferon və s.) xaric olur.

    Allergiya reaksiyalarının digər növlərində komplement, superoksid radikalları, lizosom fermentləri, kininlər, katexolaminlər və s. iştirak edir.

    İmmunogen və patokimyəvi proseslərdən sonra allergik reaksiyanın patofizioloji dəyişikliklər mərhələsi başlanır.Həmin mərhələni orqanizmdə allergen-antitel komplekslərinin və bioloji fəal maddələrin təsirindən törənən funksional pozulmalar,hüceyrə,toxuma,orqanlarda və tam orqanizmdə törənən zədələnmələr xarakterizə edir ki,bunlar da allergik xəstəliklərin klinik əlamətlərinin əsasını təşkil edir.
    Ayrı-ayrı hüceyrələrin allergik zədələnməsi qan elementlərində(eritrosit, leykosit, trombositlər),birləşdirici toxuma hüceyrələrində(histiositlərdə, tosqun hüceyrələrdə və s.) öyrənilmişdir.

    Allergiya zamanı zədələnmə sinir və saya əzələ liflərinə,ürək əzələsinə də yayıla bilər.

    Hər bir orqanın zədələnməyə cavab reaksiyası onun fizioloji xüsusiyyətlərindən asılıdır.Məsələn, sinir hüceyrəsi elektrik potensialı,saya əzələ – kontraktura, eritrositlər – hemolizlə cavab verir.
    Allergik zədələnmə orqanizmdə sinir-humoral tənzimi pozur.Bir orqanda əmələ gələn zədələnmə digər orqanların və nəhayət, ümumi orqanizmin funksiyalarına təsir edir.Ümumiyyətlə,allergik reaksiyanın patofizioloji mərhələsi orqanizmin bütövlükdə cavab reaksiyasıdır,daha doğrusu, allergik xəstəlik və ya allergik sindrom dövrüdür.
    Bu təsvir edilən mərhələlər həqiqi allergik reaksiyalara aiddir.Patogenezi allergen – antitel kompleksinin əmələ gəlməsi ilə əlaqədar olmayan patoloji hallar allergik proses hesab edilmir.Orqanizmin həssaslığının immunokompetent sistemlə əlaqədar olmadan yüksəldiyi hallar psevdoallergiya(yalan allergiya) adlanır.Beləliklə,həqiqi allergiyadan fərqli olaraq,psevdoallergiya zamanı birinci,yəni immunogen mərhələ olmur.Müasir təsəvvürlərə görə paraallergiya və heteroallergiya da yaranmasına və əlamətlərinə görə allergiyaya oxşayan,amma immunogen mərhələnin olmaması ilə fərqlənən reaksiyalardır.

    Allergiyanın yaranma səbəbləri.

    Allergik xəstəlik ya qəfildən, ya da tədricən başlana bilər.Allergik reaksiyalar orqanizmdə histamin hormonun həddən artıq ifraz olunması nəticəsində baş verir.Allergik reaksiya adamların özünün hər hansı bir maddəyə qarşı şəxsi həssaslığı nəticəsində baş verir.

    Belə allergik reaksiya törədə biləcək hər hansı bir maddə allergen sayılır.

    Allergenlər 2 qrupa bölünür:

    1. ekzoallergenlər, yəni xaricdən orqanizmə daxil olan allergenlər;
    2. endoallergenlər və ya autoallergenlər – orqanizmin özündə əmələ gəlir.

    Məişət allergenləri.

    Mənzildə təsadüf olunan tozların (əyin və yatacaq paltarının, xalçanın, mebelin, kitabların və s.) hər biri ayrı-ayrılıqda allergen olub, xəstəlik törətmək qabiliyyətindədir.Təbiətdə daha çox təsadüf olunan allergen müxtəlif tozcuqlardır.Ağacların, kolların, alaq otlarının, güllərin, çiçəklərin ətrafa səpələdiyi tozcuqlar allergik xəstəlik törətməkdə çox mühüm yer tutur.Çiçək tozcuqları allergen kimi, əsas etibarilə,nəfəs borusunu,bronxları və ağciyərləri zədələyir,pollinoz (latınca pollen – toz, tozcuq) adlandırılan xəstəlik əmələ gəlir.Onlarda öskürmə, asqırma, gözlərindən yaşaxma, qızdırma, başağrısı və s. olur.

    Kosmetik allergenlər. 

    Kosmetik preparatlar gündəlik məişətimizdə çox geniş işlədilir,ondan əsasən qadınlar istifadə edirlər.
    Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər.

    Ailədə məişət kimyası.

    Hazırda məişətdə hər bir evdə, hər ailədə müxtəlif məqsədlər üçün bir sıra kimyəvi maddələr işlədilir.
    Bu maddələrlə uzun müddət və dəfələrlə təmasda olmaq bir sıra dəri xəstəliklərinə səbəb olur. Onlar dəri üçün, habelə ümumi orqanizm üçün xarici qıcıqlandırıcılardır. Məişətdə hər hansı məqsədlə kimyəvi maddələri işlədikdə, profilaktika tədbirlərini yaddan çıxarmaq olmaz.

    Dərman allergiyası.

    Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir.Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi,orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir.Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.

    Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir.

    Dərman maddələrinin orqanizmə daxil olması nəticəsində baş verən allergik reaksiya dərman allergiyası adlanır.Dərmanlardan ən çox allergik reaksiyanı antibiotiklər (penisillin, streptomisin və s.),sulfanilamid preparatları (sulfodimitoksin, biseptol və s.), başağrısı, yuxu dərmanları, B qrupu vitaminləri, yod və s. törədir.Dərman və qida allergiyalarının birgə təsiri daha ağır fəsadlara səbəb olur.Dərman allergiyası nəticəsində bir sıra dəri xəstəlikləri müşahidə olunur.Onlardan Kvinke ödemini,dərman dermatitini,allergik kontakt dermatitini,çoxformalı ekssudativ eritemanı göstərmək olar.

    • İnək südündən
    • yumurta
    • balıq
    • sitrus meyvələri(portağal, limon, feyxoa, banan, ananas və s.)
    • xörəklər(noxud, ət, meyvə-tərəvəz, kök, nar və s. olan)
    • şokolad
    • qoz ləpəsi və s. allergiya müşahidə olunur.

    Bir sıra maddələrə qarşı eyni vaxtda allergiyaya da tez-tez rast gəlmək olur.
    Qida maddələrinə qarşı sensibilizasiya,yəni allergik hazırlıq mədə-bağırsaq orqanlarında gedir.Mədə-bağırsağa daxil olmuş qida maddələri həmin orqanların selikli qişalarından sorulub,orqanizmə keçir.Bu vaxt orqanizm həmin orqanların fizioloji və immunoloji amilləri vasitəsilə özünü qida allergenlərindən qoruyur,qida allergenlərini orqanizmə buraxmır.

    Odur ki, bütün insanlar kifayət qədər müxtəlif xörəklər, meyvə, tərəvəz qəbul edir və heç bir allergik xəstəliyə tutulmurlar.

    Ancaq bəzi mədə-bağırsaq xəstəlikləri (infeksion, parazitar və bir sıra iltihab xarakterli xəstəliklər) zamanı həzm orqanlarının müdafiə qüvvələri pozulur,nəticədə allergik xəstəliklərin baş verməsinə şərait yaranır.

    Qida allergiyası nəticəsində bir sıra xəstəliklər baş verə bilər.Onlar çox mürəkkəb və çoxcəhətli olur.Onlardan dəri allergik xəstəliklərini,tənəffüs və mədə-bağırsaq orqanlarının allergik xəstəliklərini göstərmək olar.Onu da qeyd etmək lazımdır ki,bir çox hallarda dəri,yaxud dəri və tənəffüs orqanlarının allergik xəstəlikləri eyni vaxtda rast gəlir.Allergik dəri xəstəliklərindən toksik allergik dermatitə daha çox təsadüf olunur.

    Mikrobdan allergiya.

    Mikrobların törətdiyi hər hansı xronik iltihab ocağı(diş, boğaz,mədə-bağırsaq,qulaq,dəri,qurd xəstəlikləri və s.)bir müddətdən sonra allergik xəstəliyə çevrilə bilər.Həmin iltihab ocağında olan mikroblar daim özlərinin ifrazatı ilə zəhər buraxırlar.Orqanizm üçün yad olan bu zəhərə qarşı antitellər əmələ gəlir və allergik xəstəliyə səbəb olur.Odur ki, allergiya törədə biləcək iltihab ocaqları vaxtında aşkar edilib, müalicə olunmalıdır.

    Allergiya törədən amillər insan orqanizminin özündə də vardır.Bunlara endoallergenlər deyilir.

    Bəzi endoallergenlər anadangəlmə və daim orqanizmdə olur, müəyyən şəraitdə allergik xəstəlik(revmatizm, sklerodermiya və s.) törədir.

    Allergiyanın baş verməsi və gedişi mərkəzi sinir sisteminin vəziyyətindən çox asılıdır.Belə ki,sinir sistemi sağlam və möhkəm olan adamlarda allergiya heç baş vermir və ya yüngül keçir.Mərkəzi sinir sisteminin vəziyyəti, həssaslığı, mənfi emosiyalar, allergiyanın baş verməsində və gedişində həlledici rol oynayır.Odur ki, mərkəzi sinir sisteminin qayğısına qalmaq,onu mənfi emosiyalardan,stress reaksiyalarından qorumaq allergiyaya qarşı faydalı profilaktik tədbirlər ola bilər.

    Tədqiqatlardan məlum olmuşdur ki,allergiyalar irsi xəstəlik deyildir.O,nəsildən-nəslə keçmir.Lakin nəsildən-nəslə allergik xəstəliklərə meyllik keçir.

    Xəstəliyin əmələ gəlməsi orqanizmə təsir edən xarici və daxili amillərdən asılı olur.Hər bir kəs həmin mənfi qıcıqlardan, amillərdən özünü qorumalıdır.

    Ümumiyyətlə,allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər.Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz,yay və payız aylarında özünü daha qabarıq göstərir.Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur.Hər kəs hansı meyvənin, tərəvəz, bostan bitkisinin ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir.Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə,səpmə və qızarmanı allergiya hesab edir.Bu, allergiyanı həddindən artıq şişirtməkdir.Dəri xəstəliklərinin 90 faizi,o cümlədən qoturluq,fotodermatoz da qaşınma verir.Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin açıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu,allergiya deyil,dəri xəstəliyi olan fotodermatozdur.Belə hallar baş verərkən özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır.Yalnız həkimin qoyduğu düzgün diaqnoz və ona münasib təyin etdiyi müalicə nəticəsində sağlamlığınızı bərpa edə bilərsiniz.

    Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir.

    Allergiyanın müəyyənləşdirilməsiallergiya hakkinda ümumi mülumat

    Xəstəliyin əlamətləri

    • qırmızı ləkələr
    • düyüncüklər
    • sudurcuqlar və s. ola bilər

    Səpgilərin başlanması, davametmə müddəti, artması xüsusiyyətləri böyük rol oynayır.
    Allergik xəstəlikləri müəyyənləşdirmək üçün xəstənin mədə-bağırsaq orqanlarının vəziyyəti öyrənilməlidir.Onda qəbizliyin, ishalın, digər xronik mədə-bağırsaq xəstəliklərinin, arabir üşütmə-qızdırmanın,başağrısının,xronik lokal infeksion xəstəliklərin (xəstə diş, boğaz ağrısı, haymorit, rinit və s.) olması böyük əhəmiyyət kəsb edir.

    Onların müalicəsi aşağıdakı kimi aparılır:

    1. Xəstəliyi törədən allergen aşkar edilir.Bunu xüsusi allerqoloji reaksiyalar vasitəsilə həkim edir. 
    2. Aşkar olunmuş allergen orqanizmdən kənar edilir. Bir daha həmin allergenlə təmasda olmaq məsləhət görülmür.
    3. Hiposensibilizəedici müalicə,yəni xəstəliyi törədən allergenə qarşı orqanizmin həssaslığının azalmasını,zəifləməsini təmin edən müalicə.
    Yuxarıda qeyd edildiyi kimi,gedişinə görə allergik reaksiyaların iki əsas növü ayırd edilir:
    • sürətli allergik reaksiyalar
    • ləng gedişli allergik reaksiyalar.

    Sürətli allergik reaksiyalar. 

    Bunlara övrə, Kvinke ödemi,anafilaktik şok,pollinoz və bir çox digər xəstəliklər aiddir.Bunlar allergenin orqanizmə daxil olduğu andan bir neçə dəqiqə sonra özünü büruzə verir

    Övrə xalq arasında məxmərək kimi məlumdur.

    Xəstəlik allergen orqanizmə daxil olduqdan bir neçə dəqiqə və ya bir neçə saat sonra başlanır.Əsasən gövdə,qol və qıçların dəri səthində tək-tək səpgilər görünür.Bunlar mərciməkdən metro jetonu böyüklüyünə qədər olur.Səthi açıq qırmızı rəngdə olan səpgilər qaşınır.Bəzi yerlərdə onlar birləşərək,müxtəlif formalar alır.Qaşınma getdikcə şiddətlənir,suluqlar bütün bədəni tutur.Xəstəlik birdən-birə sakitləşir,qaşınma dayanır,suluqlar heç bir iz qoymadan keçir.Bir neçə saatdan və ya bir neçə gündən sonra müəyyən bir qidanın qəbulundan sonra xəstəliyin əlamətləri əvvəlki kimi şiddətlənir.Yenə çəkilir,yenidən baş verir.Beləliklə,xəstəni əsəbiləşdirir,yuxusuzluq ona əzab verir.

    Dərman allergiyası nəticəsində bəzi şəxslərdə Kvinke ödemi də müşahidə olunur.

    Xəstəlik dərinin məhdud bir nahiyəsində (göz qapağında, dodaqda, yanaqda, dildə, qırtlaqda və başqa orqanlarda) nəhəng ödemin – şişkinliyin əmələ gəlməsi ilə xarakterizə olunur.Övrə və Kvinke ödemi ilə xəstələnən şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar.Mədə-bağırsaq təcili təmizlənməlidir, 2-3 günlük aclıqla müalicə yaxşı nəticə verir. Həmin günlərdə xəstə yemək yemir, mineral su və açıq rəngli çay içə bilər.Allergenlər orqanizmdən çıxarıldıqdan sonra xəstələr qıcıqlandırıcı olmayan qidalar qəbul etməyə başlayırlar. Lakin belə xəstəliklər tez-tez qayıda bilər.Ona görə də xəstəliklər orqanizmin uzunmüddətli möhkəmləndirilməsi istiqamətində müalicə edilməlidir.

    Allergiyanı necə tanımalıyıq?

    allergiya hakkinda ümumi mülumat

    Allergiyanın əlamətləri bunlardır:

    1. Burunun selikli qişasının şişkinliyi (allergik rinit)
    2. Konyuktiv nahiyəsində qızartı və ağrılar (allergik konyuktiv)
    3. Bronxlarda spazm,fısıltılı tənəffüs və təngənəfəslik,bəzən də əsl astma tutmaları.
    4. Qulaqlarda ağırlıq hissi,ağrı və eşitmə zəifliyi də ola bilər.
    5. Dəridə müxtəlif səpkilər:ekzema, örə və kontakt dermatiti.
    6.  Allergiyanın bir sıra növlərində baş ağrısına rast gəlinir.

    Allergiyanın simptomları

    Allergik reaksiyalar bədənin müxtəlif yerlərində yaranaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.

    Ağırlaşmaları:

    • anafilaktik şok (kəskin allergik reaksiya)
    • ağırlaşmış və ya xırıltılı nəfəs
    • sürətli nəbz
    • soyuq tər
    • yapışqan dəari
    • mədə spazmları
    • başgicəllənmə
    • ürəkbulanma
    • qıcolmalar
       
    Tibbi müdaxilə olmadan ağır allergiya ölümlə nəticələnə bilər.

     

     

    Mövsümi allergiyalar

    Mövsümi allergiyalar  təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır.Misal üçün demək olar ki,yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının axirı iyunun əvvəllərinə kimi davam edir.İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır.

    Allergiya zamanı profilaktik tədbirlər

    Çalışın sizdə allergiya yaradan məhsulları müəyyən edə biləsiz və onlardan hər zaman uzaq olasınız.Evinizin hər zaman təmiz olmasına,toz,tük və gənələrdən təmizlənməsinə nəzarət edin.Evinizi süpürərkən,tozsoranla təmizləyərkən,mebelləri çırparkən,yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən çalışın burnunuzu bağlayın (təmiz tənzif və ya maskayla).Heyvanlara qarşı allergiya varsa evdə heyvan saxlamayın.

    Əgər sizdə ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın!

     

     

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.