Hepatit B nədir? Yoluxma yolları. Əlamətləri. Müalicəsi.

   Hepatit B virusla bulaşa bilən bir qaraciyər xəstəliyidir. Hepatiti B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Qaraciyər insan orqanizminin ən böyük orqanı olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir . Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, qlükogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya (özünü bərpa) qabiliyyətinə malik olan orqandır. Bir sözlə, qaraciyər orqanizmdə ən vacib prosesləri yerinə yetirir. Lakin bütün bu prosesləri qaraciyər sağlam ikən yerinə yetirir. Hepatiti B virusu (HBV) qaraciyərə girdikdə hüceyrələri məhv edir, qaraciyərin iltihablanmasına gətirib çıxarır. Beləliklə, ya keçici ya da qalıcı (xroniki) qaraciyər infeksiyası meydana çıxır.

Hepatit B nədir?

   Hepatiti B virusu (HBV) səbəbiylə ortaya çıxan xəstəlikdir. Hepatiti B virusu (HBV) cinsi əlaqə və qanla orqanizmə keçə bilər. Bu virusla bağlı formalaşan yanlış fikirlərdən biri onun guya yalnız cinsi və qan yolu ilə yoluxması haqqında deyilənlərdir. Belə ki, Hepatit B virusunun ən təhlükəli cəhəti ailə üzvlərinə yoluxma ehtimalının yüksək olmasıdır. Bədən, tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır.  Hepatit B virusunun istər ilkin, istərsə də gecikmiş dönəmdə fəsadları böyük olur. Ümumi halsızlıq, zəifliklə yanaşı, virus qaraciyər şişlərinə, qaraciyərin sirrozuna səbəb ola bilir. Hepatit B və C virusu qarşılaşdırıldıqda yayılma ehtimalına görə B virusu daha üstündü. Bəzi insanlarda 1 neçə ay içərisində heç bir simptom vermədən sağalan xəstəlik, bəzilərində xronikləşə bilir. Xronikləşmiş qaraciyər infeksiyonları qaraciyər sirrozu, sarılıq və qaraciyər xərçənginə gətirib çıxarır. Əgər xəstəlik 6 aydan çox çəkərsə, xronikləşir. Yenidoğulanlarda Hepatit B virusunun xronikləşmə faizi 90%, daha böyük uşaqlarda 75%, yetkin şəxslərdə 10% təşkil edir.  Bu virusun özünəməxsus spesifikliyi ondadır ki, müalicə olunduqdan sonra belə xəstəlik 30-35% ehtimalla geri dönə bilir. Hər iki virusun həm Hepatit B, həm də C-nin müalicəsi var. Müalicədə məqsəd virusun yükünü sıfıra endirməkdi. Bu virusun dozası yüksək olduqda qaraciyər virus tərəfindən işğal edilir. Buna görə virusun sıfır həddinə çatdırılması mütləqdi.

Hepatit B əlamətləri.

 Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir.

  • Qarın ağrısı
  • Sidiyin tünd rəngdə olması
  • Yüksək temperatur
  • Oynaqlarda ağrı
  • İştahanın itməsi
  • Ürək bulanması və qusma
  • Zəiflik və yorğunluq
  • Dəri və ya gözün selikli qişasında sarılıq
  • Baş ağrısı
  • Əzələ ağrısı
  • Qəbizlik
  • İshal

  Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, şübhəli vəziyyət hiss edən kimi mütləq müayinə olunmağınız məsləhətdir.

Hepatit B xəstəliyinin gedişi

  Qaraciyərə zərər verən bu virus doğum zamanı uşağa keçə bilər. Xəstə insanla qorunmasız şəkildə cinsi əlaqədə olduqda, qan köçürülməsi zamanı, spermayla, vagina suyuyla, xəstə insanın qanına təmas etməklə, qan ilə çirklənmiş iynənin yenidən istifadəsi zamanı, təsadüfən iynə sancılması zamanı  və s. keçə bilər. Qaraciyər çox geniş regenerasiya qabiliyyətinə malikdir. Hepatit B virusları ilə yoluxma zamanı qaraciyərdə regenerasiya əvəzinə birləşdirici toxuma əmələ gəlir. Buda sirrozun inkişaf etməsi deməkdir. Əsasən  yaşca  böyük adamlarda yoluxma kəskin olur və qısa müddətdə xəstə sağalır. Lakin yenidoğulmuş uşaqlarda xəstəlik xroniki hal alır. Yəni ömür boyu bu xəstəliyin daşıyıcısı olurlar. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr HBV müəyyən edir.

Hepatit B müalicəsi.

   Hepatiti B virusuna yoluxma baş veribsə dərhal həkimə müraciət etmək lazımdır. İlkin 24 saat ərzində Hepatiti B immunoqlobulinlərinin inyeksiyası sizi Hepatiti B-nin inkişafından xilas edə bilər. Bununla yanaşı, ardıcıl olaraq üç dəfə Hepatiti B peyvəndini vurdurmaq lazımdır. Hepatiti B-nin effektiv müalicəsi olmasa da yoluxma ehtimalını kəskin azaldan peyvəndin aparılması məqsədəuyğundur. Peyvənd adətən ardıcıl üç inyeksiya (0, 1 və 6-cı ay) ilə aparılır. Bəzi yerlərdə iki və 4 dozalı peyvəndləmə sxemi də mövcuddur. 11-15 yaşlı yeniyetmələrə peyvənd iki doza ilə aparılır. Yenidoğulmuşlar adətən doğulduğu ilk ildə üç inyeksiya olmaqla (2,4 və 9 aylığında) peyvəndlənir. Tədqiqatlar göstərir ki, peyvənd yoluxma ehtimalını 90% azaldır və bir peyvəndləmə 23 il immunitetin qalmasını təmin edir. Xroniki xəstələrə virus əleyhinə dərman verilsə də -məsələn, interferon- virus nadir hallarda yox ola bilər.

  • Cinsi partnyorunuzun Hepatit B Virusu daşıyıb-daşımadığını öyrənin. Bununla siz HBV daxil olmqla digər cinsi yolla keçən infeksiyalardanqorunmuşolarsınız.
  • İnyeksiya zamanı steril iynədən istifadə edin.
  • Sizə əgər qan köçürülübsə profilaktik müayinədən keçin. Bu gün tranfuziya edilən qanların hər biri yoxlanılır.
  • təmasda olub şübhələndiyiniz biri varsa dərhal 24 saat içində test edin.
  • Hamiləlik zamanı mütləq testdən keçin.

Hepatiti B infeksiyası olan insanlar bunları mütləq etməlidir.

  • Alkoqol qəbulundan çəkinin
  • Qaraciyəri zədələyə biləcək dərman maddələrinin istifadəsindən çəkinin. Bu barədə həkiminiz sizə məlumat verəcək.
  • Sağlam pəhriz edin
  • Müntəzəm idman edin





BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.