Bruselyoz. Bruselyoz nədir? Bruselyozun müalicəsi.

 Bruselyoz

   Bruselyoz brusellalar tərəfindən törədilən müxtəlif yoluxma mexanizminə  malik, xronikiləşməyə meyilli zoonoz infeksiyadır. Bruselyoz əlamətlərinə görə başqa xəstəliklərlə qarışdırıla bilən xəstəlikdir. Xoşxassəli və çətin diaqnoz qoyulan bu xəstəlik insanlara heyvanlardan bulaşır. Bruselyoz qızdırma, üşütmə, titrətmə, tərləmə, makrofaqal sistem üzvlərinin, dayaq-hərəkət,  mərkəzi, periferik və vegetativ sinir sisteminin, cinsiyyət üzvlərinin zədələnməsi ilə xarakterizə olunur. Bruselyoz mal-qara, keçi, qoyun, at, it, eşşək, maral kimi heyvanlarda əsasən təsadüf edilir. Bundan başqa dəvə, at, eşşək də infeksiya mənbəyi ola bilər. Xəstəlik uzunmüddətlidir.  Belə ki, brusellalar daha çox heyvanların generativ üzvlərində, döldə, dölyanı mayedə, ciftdə toplanırlar. Sidik, nəcislə bərabər balalama və ya balasalma zamanı ətraf mühitin küllü miqdarda brusellalarla çirklənməsi baş verir. Yoluxma əsasən məişət-təmas və ya alimentar, bəzən aspirasion yolla olur. Yoluxma törədicinin zədələnmiş dəriyə və hətta zədələnməmiş selikli qişaya düşməsi nəticəsində baş verir. Xəstəlik bir növü peşə xarakteri daşıyır. Əsasən heyvandarlar – çobanlar, malabaxanlar, baytar həkimləri, sağıcılar, baytarlıq laboratoriyası, gön-dəri, yun sənayesi, ət kombinatı işçiləri, qəssablar, süd emalı ilə əlaqədar olanlar və s. yoluxa bilərlər. Bu zaman yoluxma əsasən təmas yolu ilə baş verir. Bruselyozla yoluxma hallarının 90 %-i bu insanların payına düşür. Əsasən əmək qabiliyyətli cavanlar və orta yaşlı insanlar xəstələnirlər. Brusellalarla çirklənmiş heyvani mənşəli xammallarla (yun, ət, çiy süd, süd məhsullarından) təsadüfən təmasda olma, onlardan istifadə etmə zamanı da yoluxmaq mümkündür. Şəhər əhalisi arasında çiy süd, süd məhsullarından (pendir, qaymaq), ətdən yoluxma halları üstünlük təşkil edir. Bruselyoz xəstə insanlardan  sağlamlara ötürülmür. İnsanlar  xəstəlik mənbəyi olmasalar da, uzun müddət bruselyozlu xəstələrlə işləyən tibb işçilərində seroloji dəyişikliklər müşahidə edilir. Bruselyozla xəstə insanların qanının sağlamlara köçürülməsi zamanı yoluxmanın mümkünlüyü də istisna edilmir. Xəstə analardan dölün bətndaxili yoluxması və südəmər uşaqların ana südündən yoluxması da mümkündür.

   Bruselyoz əmələ gətirən törədicilər (Brusellalar) xarici mühit təsirlərinə qarşı xeyli davamlıdırlar. Xüsusən aşağı temperatura yaxşı dözürlər. Süddə 273 günədək, pendirdə  45 günədək, dondurulmuş ətdə 1 ilədək, duzlanmış ətdə 113 günədək, torpaqda 40-100 gün, peyində 5 ayadək, durğun sularda 45-90 gün, yunda 14-90 gün qala bilirlər. Bununla belə yüksək temperatura  davamsızdırlar. 60°C-də 30 dəqiqəyə, qaynatdıqda ani olaraq tələf olurlar. Birbaşa günəş şüaları, dezinfeksiya edicilərin işlək məhlulları təsirindən tezliklə tələf olurlar. Antibiotiklərdən tetrasiklin, streptomisin, rifampisin, levomisetinə həssaslıq göstərirlər. Brusellalar insanlara konyunktivit, dəridən, mədə-bağırsaq sistemindən və ya tənəffüs sistemindən keçərək qan və ya limfa ilə daşınır. Bruselyoz zamanı immunitet davamsızdır. 6-9 ay çəkir. Təkrari yoluxma və xəstələnmə halları çox olur.

  Bruselyozun əlamətləri:

   Bruselyozun inkubasiya müddəti 5-60 gün arasında dəyişir. Xəstəliyin əlamətləri digər xəstəliklərlə oxşar olduğu üçün mütləq bele bir halda həkimə müraciət edilməlidir.

  • Tutmalar halında gələn, 40 dərəcəyə qədər qalxan yüksək hərarət
  • Titrəmə, tərləmə, üşümə nöbətləri
  • Şiddətli əzələ və oynaq ağrıları
  • Qarın ağrıları
  • İshal, ürək bulanması, qusma
  • İştahasızlıq, çəki itirmə və halsızlıq
  • Öskürmək
  • Baş və kürək ağrısı
  • Yuxusuzluq
  • Limfa düyünlərində şişmə

     Yüksək hərarət səhərlər normallaşır və xəstə özünü yaxşı hiss edir. Lakin gecələr yenidən hərarət qalxır. Bu nöbətlər 5 həftəyə qədər davam edə bilər. Sonra normallaşır. Daha sonra isə təkrar yüksəlməyə başlayır. Və nəticədə xronikləşməyə gətirib çıxara bilər. Bruselloz bir sıra komplikasyonlara səbəb ola bilər:

  • Dalaq, limfa vəziləri və qaraciyərdə böyümə
  • Daxili orqanların infeksiyası və iltihablaşması
  • Hamiləliyin ilk 3 ayında inkişafdan qalma
  • Endokardit – Ürək qapaqlarının infeksiyası
  • Osteomielit – Sümük iltihabı
  • Beyində iltihablanma

Müalicəsi:

    Etiotrop müalicə – xəstəliyin formasından asılı olaraq aparılır. Kəskin, yarımkəskin bruselyozda, re- və superinfeksiyalarda antibiotiklər geniş tətbiq edilə bilər. Xroniki bruselyozda isə əksər hallarda antibiotiklərin işlədilməsi məqsədəuyğun sayılmır, yalnız fəal infeksion prosesin olmasını göstərən əlamətlər (qızdırma, qaraciyər, dalağın böyüməsi və s.) olduqda işlətmək lazımdır. Hazırda antibiotiklərdən levomisetin, streptomisin, tetrasiklin, doksosiklin, rifampisin, xinolon qrup preparatları geniş tətbiq edilir.

Levomisetin gündə 4 dəfə,hər dəfə 0,5 q daxilə;

Streptomisin gündə 2 dəfə 12 saatdan bir, hər dəfə 0,5 q əzələ daxilinə;

Tetrasiklin gündə 4 dəfə, hər dəfə 0,5 q;

Rifampisin gündə 3 dəfə, hər dəfə 0,3 q;

Doksosiklin gündə 2 dəfə hər dəfə 0,1 q;

Ofloksasin gündə 2 dəfə hər dəfə 0,2 q;

Gentamisin 80 mq-dan gündə 3 dəfə;

Kanamisin 0,5 q-dan gündə 2 dəfə əzələ daxilinə vurulur.

Antibiotiklər 10-14 gün verilir. Yaxşı olar ki, hərarət normallaşdıqdan 4 gün keçənədək verilsin. Uzun müddət verilməsi özünü doğrultmur.

    Patogenetik müalicə – Müxtəlif vitamin preparatları, xüsusən kompleks vitaminlər (sentrum, oliqovit, yunikap və s.), B qrup vitaminləri, vitamin C, nikotin turşusu və s. xəstəliyin bütün formalarında təyin edilir. Yarımkəskin və xroniki bruselyozda, əsasən dayaq hərəkət sistemi və periferik sinir sistemi zədələnmələrində qeyri-steroid iltihab əleyhinə preparatlar geniş tətbiq edilir. Asetilsalisil turşusu – aspirin, reoprin, indometasin, voltaren, brufen və s. preparatlar adətən 20-30 gün müddətində verilir. Yaxşı olar ki, 10 gün 1 preparat verildikdən sonra o digəri ilə əvəz edilsin. Qeyri-steroid preparatlar işlədilərkən mənfi təsirləri nəzərə alınmalıdır. Patogenezində autoallergik komponentlər əhəmiyyətli rol oynayan oynaqların revmatoid tipli zədələnmələrində zəif immunodepressiv təsirə malik delagil yaxşı təsir göstərir. 10 gün, gündə 3 dəfə, hər dəfə 0,25 q; sonra 10 gün, gündə 2 dəfə, qalan müddət gündə 1 dəfə verilməlidir. Müalicə 3-4 ay ərzində davam etməlidir.

     Desensiblizəedici preparatlardan dimedrol, pipolfen, suprastin, tavegil və s. adi dozalarda 2-3 həftə müddətində verilməsi məsləhətdir.

     Bruselyozun müalicəsinin ilk mərhələsində xəstə özünü daha pis hiss edə bilər. Onları ağrıkəsicilərlə rahatlatmaq lazımdır. Müalicə alan xəstələr 3-6 ay aralıqlarla 2 il müddətində laboratoriya testlərindən keçməlidir.

    Profilaktikası. Heyvanlar arasında xəstəliyin ləğv edilməsinə yönəldilən ciddi sanitar-veterinar tədbirlərin həyata keçirilməsi əsas profilaktik tədbirlərdəndir. Südün qaynadılıb, pasterilizasiya edilib, çiy süd məhsullarının – pendirin və s. lazım olan müddətdə saxlayıb istifadə 

edilməsi vacibdir. Heyvanın dərisinin, yununun zərərsizləşdirilməsi lazımdır. Yoluxmuş və xəstə heyvanlarla işləyən şəxslər, ümumiyyətlə bruselloza yoluxma ehtimalı yüksək olan peşə sahibləri xüsusi geyimlə, dezinfeksiyaedicilərlə təmin edilməlidir.

      Spesifik profilaktika – vaksinasiya diri bruselloz vaksinası ilə aparılır. Vaksinasiyadan sonrakı immunitet 1-2 il qalır.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.