Tənəffüs sistemi orqanları

Tənəffüs sistemi orqanları ilə hər bir canlı kimi insan da daim nəfəs alır.Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarədir:

  • burun boşluğu
  • qıtlaq
  • traxeya (nəfəs borusu)
  • bronxlar
  • ağciyərlər

Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür.

  1. Yuxarı tənəffüs yolları burun boşluğundan,udlağın burun hissəsindən təşkil olunmuşdur.
  2. Aşağı tənəffüs yollarına qırtlaq,nəfəs borusu və bronxlar aiddir.

Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki,onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır.Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür.Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.Nəfəsalma zamanı hava burun boşluğundan udlağa,oradan qırtlaq vasitəsilə nəfəs borusuna keçir.Nəfəs borusundan hava bronxlar vasitəsilə ağciyərlərə,oradan da alveollara daxil olur.Ağciyər alveollarına dolan hava ilə alveol divarının kapilyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi baş verir.Havadan oksigen qana,qandan karbon qazı isə alveollara keçir.Nəfəsvermə zamanı karbon qazı xaricə çıxır.

Burun boşluğu

Burun boşluğu tənəffüs orqanlarının başlanğıcı olub,sağ və sol hissələrə bölünür.Onun aşağı hissəsi tənəffüs,yuxarı hissəsi isə qoxu funksiyası daşıyır.

Tənəffüs hissəsinin daxili epitel örtüyündə çoxlu qan kapilyarları olub,qırmızı rəngdə görünür.

Qoxu hissəsi havadakı qaz halında olan iyli maddələrlə qıcıqlanan reseptorlarla zəngindir.

Qırtlaq

Qırtlaq boyunun ön tərəfində,dilaltı sümüyün altında yerləşir.Onun üstündə qırtlaq qapağı vardır.

Nəfəs borusu

Nəfəs borusu 9-15 sm uzunluqda olub,qida borusunun ön tərəfi ilə aşağıya doğru enir.16-20-yə qədər hialin qığırdaq halqasından ibarətdir.Halqaların ön və yan divarları qığırdaqdan,arxa divarı isə birləşdirici toxumadan əmələ gəlmişdir.Nəfəs borusu daxildən selikli qişa ilə örtülmüşdür.Selikaltı qişada çoxlu kiçik selik vəziləri vardır.

Nəfəs borusu (traxeya) iki böyük – sağ və sol bronxlara ayrılır.Onların daxili səthi kirpikli epitellə örtülüdür.Əmələ gələn selik kirpiklərin hərəkəti ilə bronxlarda qırtlağa doğru hərəkət edir.

Ağciyərlər cüt orqan olub,döş boşluğunda yerləşir.Ağciyərin zirvəsi və əsası vardır,içəri səthinin ortasından bir az yuxarıda ağciyər qapısı yerləşir.Baş bronxlar və ağciyər arteriyaları buradan ağciyərlərə daxil olur,ağciyər venaları və limfa damarları isə xaricə çıxır.Histoloji quruluşna görə ağiyərlər mürəkkəb borulu-aleveollu vəzilərə aiddir.Böyük bronxlar ağciyərlərə daxil olduqdan sonra bronxlara və bronxiollara,sonuncular isə öz növbəsində alveol axacaqlarına bölünür.Alveol axacaqları alveol kisəciklərinə açılır.Bronxiollar,alveol axacaqları və alveol kisəcikləri birlikdə ağciyərlərin quruluş vahidləri olub,asinus adlanır.

Bronxial sistem vəzifəcə iki hissəyə bölünür:

  1. Bronx ağacı hüdudi-bronxiollara qədər hava daşıyıcı funksiyanı yerinə yetirir.
  1. Alveolyar aparat-bronxiollardan alveollara qədər olub,qazlar mübadiləsini həyata keçirir.

Ağciyərlərdə qazlar mübadiləsi alveolun ikiqatlı epitel divarı ilə kapilyar divarı arasında gedir.Alveoliarda olan oksigen kapilyarlara,kapilyarlarda olan karbon qazı alveola diffuziya edir.

Hər bir ağciyər seroz qişadan əmələ gəlmiş plevra kisəsinin daxilində yerləşir.

Plevra iki vərəqədən ibarətdir:

  1. visseral plevra
  2. parietal plevra

Visseral plevra ağciyərləri hər tərəfdən,parietal plevra isə döş boşluğunun divarlarını daxildən örtür.Bu plevra vərəqələri arasındakı yarıq(plevra boşluğu) qismən maye ilə tutulmuşdur.

Plevra boşluğu;

  • Plevra vərəqələrini sürtünmədən qoruyur
  • ağciyərləri nəm saxlayır.

 

Nəfəsalma və nəfəsvermə hərəkətinin mexanizmi

Nəfəsalma və nəfəsvermə hərəkətləri ritmik surətdə bir-birini əvəz edir və bunun sayəsində nəfəsalma zamanı hava ağciyərlərə daxil olur və nəfəsvermə zamanı isə hava ağciyərlərdən xaric edilir.Nəfəsalma və nəfəsvermə nəticəsində ağciyərlərin ventilyasiyası baş verir.

İnsan sakitlik vəziyyətində bir dəqiqədə 16 – 20 dəfə tənəffüs hərəkətləri edir.Bu zaman nəfəsalmanın yaranması qabırğaarası əzələlərin və diafraqmanın yığılması sayəsində mümkün olur.

Diafraqma qarın və döş boşluqlarını ayıran eninəzolaqlı əzələdir.

Diafraqma yığılarkən qarın boşluğu orqanlarını aşağıya doğru sıxır,qabırğaarası əzələlər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və bu zaman döş qəfəsinin,təbii ki,plevra boşluğunun da həcmi genişlənir.Həcmi genişləndiyinə görə plevra boşluğunda təzyiq yenə də aşağı düşür.Bu isə ağciyərlərdə,bronxlarda və alveollarda təzyiqin xeyli aşağı düşməsinə səbəb olur.Plevra boşluğunda təzyiqin atmosfer təzyiqi ilə müqayisədə xeyli aşağı olması,havadaşıyıcı yollardan havanın ağciyərlərə sorulması ilə nəticələnir.

Diafraqma əzələsi yastılaşır və qabırğalar öz ağırlığı hesabına aşağı enir.Döş qəfəsinin ölçüləri özünün adi həcminədək azalır.Bu zaman ağciyər qovuqcuqlarının və bronxların elastiki divarı yığıldığına görə,onların həcmi azalır.Deməli,nəfəsvermə zamanı döş boşluğunun ölçüləri azalır,ağciyər alveollarında təzyiq atmosfer təzyiqindən yüksək olur.Nəticədə,havanın bir hissəsi ağciyərlərdən xaricə qovulur.Güclü nəfəsvermə qarın divarı əzələlərinin yığılması ilə müşayiət olunur.Bu isə dərindən nəfəsalma zamanı ağciyərlərə daxil olmuş havanın ağciyərlərdən xaricə çıxarılmasına imkan verir.

Ağciyərlərin həyat tutumu

Dərindən nəfəs alandan sonra dərindən nəfəs verməklə xaric edilən havanın həcmi ağciyərlərin həyat tutumu adlanır.

Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür.

Ağciyərlərin həyat tutumunun kəmiyyəti bir neçə göstəriciyə əsasən müəyyənləşdirilir

  • tənəffüs havasına
  • əlavə havaya 
  • ehtiyat havaya görə

tənəffüs havasının həcmi 500 ml (millilitrə),əlavə havanın həcmi 1500 ml və ehtiyat havanın həcmi 1500 ml-ə bərabərdir.

İnsan sakit nəfəs alandan sonra dərindən nəfəs almaqla 1500 – 2000 ml hava qəbul edə bilər.Bu kəmiyyət əlavə hava adlanır.

İnsan sakit nəfəs verəndən sonra dərindən nəfəs verməklə tənəffüs yollarından 1500 – 2000 ml hava xaric edə bilər ki,bu da ehtiyat hava adlanır.

Deməli,ağciyərlərin həyat tutumu tənəffüs,əlavə və ehtiyat havalarının həcminə bərabərdir.

Orta yaşlı adamlarda ağciyərlərin həyat tutumu 3500 – 4000 ml-ə bərabər olur.Qadınlara nisbətən ağciyərlərin həyat tutumu kişilərdə yüksəkdir.

Ağciyərlərin ventilyasiyası

Havanın ağciyər alveollarında fasiləsiz dövr etməsi ağciyərlərin ventilyasiyası adlanır.

Onun göstəricisi ağciyərlərin dəqiqəlik tutumu və ya bir dəqiqədə ağciyərlərdən xaric olan havanın həcmi ola bilər.

“Dəqiqəlik tutumun kəmiyyəti” bir dəqiqədə edilən tənəffüs hərəkətlərinin sayına və bir dəfə nəfəsalma zamanı qəbul edilən havanın həcminə ğörə hesablanır.Qadınlarda ağciyərlərin dəqiqəlik hava tutumu 3 – 5 litrə, kişilərdə isə 6 – 8 litrə bərabərdir Onun kəmiyyəti insanın yaşından,cinsindən və fiziki inkişafından,həmçinin də oksidləşmə prosesinin səviyyəsindən asılıdır.Fiziki iş zamanı ağciyərlərin dəqiqəlik tutumu xeyli yüksək olub,bəzən dəqiqədə 30 – 100 litrə çatır.

Sakitlik vəziyyətində orqanizmin ehtiyacını ödəyən ventilyasiya kəmiyyəti eypnoe – “yaxşı tənəffüs” adlanır. Eypnoe yunanca “ey” – yaxşı, “pnoe” – tənəffüs adlanır.Müəyyən edilmişdir ki,seyrək, lakin dərin tənəffüs daha effektlidir,çünki bu zaman alveol havasında qazlar mübadiləsinin intensivliyi daha yüksək olur.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS