Antibiotiklərin təsir mexanizmi və qrupları

Antibiotiklər (yunanca anti — qarşı,bios — həyat, canlı deməkdir) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir.

İlk antibiotik

  İlk antibiotik olan penisilini Aleksandr Fleminq tərəfindən kəşf edilmişdir. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir.“antibiotik” terminini isə sonralar ilk dəfə Zelman Vaksman işlətmişdir. Aleksandr Fleminq təcrübələr apararkən müşahidə etmişdir ki, içərisində xəstəliktörədici stafilokokk mikrobu olan “Petri çaşkalararı”nın birindəki mikrob kulturasında yaşıl penisil koloniyası böyüyür, onun yaxınlığındakı stafilokklar isə yox olur. Fleminq bunun əsasında kiflərin stafilokokları dayandıran bir maddə ifraz eləməli olduğunu nəticəsini çıxardı . O vaxt hələ saf halda alına bilməyən bu maddəni o, penisilin adlandırmışdır.
Antibiotiklərin,onları sintez edən miktoorqanizmlər üçün fizioloji əhəmiyyəti tam aydın deyil. Bu məhsulun mikroblarının özlərinin əsas həyat prosesləri – böyümə, inkişaf, maddələr mübadiləsi prosesləri ilə əlaqəsi olmadığı iddia olunur. Bəzi tədqiqatçıların fikrincə, antibiotik onu sintez edən mikroblara təbii populyasiyalarda yaşayış uğrunda mübarizədə üstünlük verir. Digərlərin fikrinə görə isə bu maddələrin onları sintez edən canlı üçün heç bir əhəmiyyəti yoxdur.

Həkimlərin fikrincə ,antibiotiklərdən düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər.

Antibiotiklərin təsir mexanizmi ve qrupları

 Antibiotiklərin təsir mexanizmi hələ lazımi dərəcədə öyrənilməmişdir. Antibiotiklərin dozasını təsir vahidləri ilə (TV) təyin edirlər. İndiyə qədər bir çox antibiotiklər alınmışdır.
Tibbi praktikada geniş işlədilə bilən antibiotiklər aşağıdakı tələbatı ödəməlidir:
  • yüksək antimikrob aktivliyə malik olmalı
  • orqanizmdə antimikrob effekti uzun müddət saxlanmalı;
  • az zəhərli olub, lazımi terapevtik təsirə malik olmalıdır.

 Antibiotiklərin kimyəvi quruluşu çox müxtəlifdir. Lakin onların hamısı mikrobların həyat fəaliyyəti məhsulları olduğu üçün ümumi antibiotiklər qrupunda birləşir.
   Hazırda antibiotiklər o qədər çoxdur ki, artıq onlar təsir mexanizminə görə bir sıra qruplara bölünür

 Strukturunda β- laktam halqası olan antibiotiklər – penisillinlər, sefalosporinlər, karbanenemlər, monobaktamlar.

 Penisillinlər geniş təsir dairəsinə malik olub, ən müxtəlif xəstəliklər zamanı işlədilir. Onların təsnifatı alınması üsullarındakı fərqlərə və bir sıra digər əlamətlərə əsaslanır:

  • Biosintetik (bioloji sintez yolu ilə alınan) penisillinlər.

Mədənin turş mühitində parçalandığı üçün parenteral yolla yeridilənlər:
a) qısamüddətli təsirə malik olanlar: benzilpenisillinin natrium duzu, benzilpenisillinin kalium duzu;
b) uzunmüddətli təsirə malik olanlar: benzilpenisillinin novokain duzu (bisillin – 1, bisillin – 3, bisillin – 5 

Turşuya qarşı davamlı olub, enteral yolla yeritmək üçün:fenoksimetilpenisillin.

  • Yarımsintetik penisillinlər.
Parenteral və enteral yolla yeritmək üçün:

a) penisillinazanın təsirinə qarşı davamlı olanlar: oksasillinin natrium duzu, nafsillin;
b) geniş təsir dairəsinə malik olanlar: ampisillin, amoksisillin.                                                                c)Parenteral yolla yeritmək üçün (göy-yaşıl irin çöpü də daxil olmaqla geniş təsir dairəsinə malik olanlar): karbenisillinin dinatrium duzu, tikarissilin, azlosillin.

Enteral yolla yeritmək üçün:

karbenisillin indianil natrium, karfesillin.

Penisillinlər bakterisid təsirə malikdir. Onların toksikliyi az, terapevtik təsir dairəsi genişdir. Əlavə təsirlərinə əsasən allergik reaksiyalar (xəstələrin 1 – 10%-də) aiddir.

Sefalosporinlər yeridilmə yoluna görə 2 qrupa bölünür:

  1.  Parenteral yolla yeritmək üçün: sefalotin, sefuroksim, sefotaksim, sefenim və s.
  2. Enteral yolla yeritmək üçün: sefaleksin, sefaklor, sefiksim və s.

Karbanenemlərə imipenom, tienam, meropenem; monobaktamlara – aztreopam aiddir.

Mikrolidlər (eritromisin, oleandomisin, roksitromisin, klaritromisin) və azalidlər (azitromisin)

Atipik pnevmoniya törədə bilən xlamidiyalara, mikoplazmalara, legionellalara qarşı effektlidir.

Tetrasiklinlər

Geniş təsir dairəsinə malik olub, həmçinin mikroorqanizmlərin penisillinlərə və streptomisinə qarşı davamlılığı və ya xəstələrin onlara qarşı sensibilizasiyası zamanı tətbiq edilir. Bunlar allergik reaksiya törədə bilər. Biosintetik (terramisin, tetran, tarxosin, demeklosiklin) və yarımsintetik (rondomisin, vibramisin, minosiklin və s.) növləri ayırd edilir.

 Levomisetin qrupu 

Həm qram-müsbət, həm də qram-mənfi, o cümlədən, bağırsaq bakteriyalarına, inflüensa çöpünə, həmçinin rikketsiyalara, xlamidiyalara, brusellyozun, tulyaremiyanın törədicilərinə təsir edir. Turşuya davamlı mikobakteriyalar, göy-yaşıl irin çöpü, protey, ibtidailər levomisetinə qarşı az həssasdır və ya qətiyyən həssas deyil. Qanyaranma prosesini zəiflədib, qanazlığı törədə bilər. Levomisetin daxilə qəbul edilir; emulsiya və məlhəmləri xaricə işlədilir.

 Aminoqlikozidlər – streptomisin, gentomisin, neomisin, kanamisin, amikasin, tobramisin, sizomisin, menomisin və s.

Streptomisin geniş antimikrob təsirə malik olub, xüsusən vərəm mikobakteriyalarına, tulyaremiya, taun, brusellyoz törədicilərinə, patogen kokklara və s. təsir edir. Anaerob mikroorqanizmlər, spiroxetlər, rikketsiyalar, viruslar, patogen göbələklər buna qarşı həssas deyil. İnyeksiyası ağrılıdır. Aminoqlikozidlər eşitmə sinirini zədələyə bilər; bunlardan əksəriyyətinin işlədilməsinə böyrək xəstəlikləri də əks-göstərişdir.

 Siklik polipeptidlər (polimiksinlər).

Bunlardan polimiksin – M – sulfatın qram-mənfi bakteriyalara təsiri daha çox nəzərə çarpır. Yalnız hüceyrədən xaric mikroorqanizmlərə təsir göstərir. Patogen kokklar, difteriya çöpü və s. bunlara qarşı davamlıdır. Polimiksin – M – sulfatı parenteral yolla yeritmək olmaz. Çünki sinir sisteminə və böyrəklərə toksik təsir göstərə bilər.
Böyrək xəstəlikləri bu preparatların işlədilməsinə əks-göstərişdir.

Linkozamidlər (linkomisin, klindamisin və s.)

Xüsusən anaerob mikroorqanizmlərə, streptokoklara və stafilokoklara qarşı aktivdir. Təhlükəli əlavə təsiri
psevdomembranoz kolitdir (selikli və qanlı ifrazatla ishal, qarında ağrı, qızdırma).

Qlikopeptidlər (vankomisin, teykoplanin və s.)

Xüsusən qram – müsbət kokklara, o cümlədən, metisillinə qarşı davamlı stafilokoklara güclü təsir göstərir. Toksik
(xüsusən eşitmə orqanı və böyrəklər üçün) olduqlarından az işlədilir.

Fuzid turşusu 

Məhdud (əsasən qram-müsbət bakteriyalara) təsir dairəsinə malik antibiotikdir.
Natrium duzu işlədilir. Penisillinə qarşı davamlı stafilokok infeksiyaları, xüsusən osteomielit zamanı tətbiq edilir.

Müxtəlif antibiotiklər 

Fuzafuntin (bioparoks) antimikrob və iltihab əleyhinə təsirə malik olub, inhalyasiya üçün aerozol şəklində buraxılır.Tənəffüs yollarının infeksiyaları zamanı tövsiyə edilir. 10 gündən çox işlətmək olmaz (disbakterioz törədə bilər).

QEYD;

Antibotiklərin istifadə müddəti 5-7 gündür,həkim məsləhəti olmadan istifadəsi təhlükəlidir!

 

Antibiotikləri nə zaman istifadə edə bilərik?Antibotiklər hakkında bilməli olduqlarımız və istifadə olunduğu xəstəliklər hakkında məlumat üçün bu yazımızı oxumanızı tövsiyyə edirik.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS