Antibiotiklər,istifadə qaydaları və ziyanları

Həkimlərin fikrincə ,antibiotiklərdən düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər.


Bəzi hallarda elə bir vəziyyət yaranır ki,antibiotiklərdən istifadə edilməsi, xəstənin hətta həyatının qorunmasına səbəb olur.Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir.Əksər hallarda bunun səbəbi, xəstənin antibiotiki həkim tərəfindən təyin olunan qaydada yox,”özü bildiyi” kimi – dozasını, qəbul vaxtını və müddətini dəyişərək qəbul etdiyi hallarda baş verir.Məhz buna görə, antibiotikləri qəbul edərkən həkim tərəfindən təyin edilən qaydalara ciddi şəkildə əməl etmək və antibiotiklərin qəbul edilməsi zamanı özlərində baş verən dəyişikliklər barədə həkimlərə məlumat vermək lazımdır.

Antibotiklərin işlədilməsi zamanı baş verən əks göstərişlər:

Bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi və s.Disbakteriozun əmələ gəlməməsi üçün, antibiotikləri qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün isə vitamin kompleksləri qəbul etmək lazımdır.
Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir!.Çünki, istifadə müddəti başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır.
Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər.
Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul etdikdə, əksər hallarda antibiotiklər heç bir zərər vermirlər. Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər.
Bu xəstəliklər və vəziyyətlər hansılardır?

Hamiləlik.

Əksər antibiotiklərin inkaşafda olan dölə mənfi təsir etməsi səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə edilməsi,hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli hesab olunur!.Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə zərərlidir.
Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına qoyulan qadağanı pozmaq lazım gəlir.
Məsələn, ananın orqanizmində həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda həkimlər, dölə ən az toksik təsir göstərə bilən,antibiotiki seçirlər.

Uşaq əmizdirilmə

 Antibiotikdən istifadə edilməsinə nisbi əks-göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər sonra antibiotiklərdən istifadə edilməsi – tez-tez rast gəlinən haldır. Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar. Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin edilməsi vacib olarsa, bu zaman, müalicə müddəti ərzində uşağın ana südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də davam etdirmək lazımdır, çünki, bir sıra antibiotiklər orqanizmdə yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.

Uşaqlarda

Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları istifadə edilə bilər. Penisillin, sefalosporinlər, makrolid qrupundan olan antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən preparatlar hesab olunur.Uşaqlarda güclü antibiotiklərdən istifadə edilməsi yalnız, daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi halda tətbiq edilə bilər.İstənilən halda, xüsusən də uşaqlarda,hər hansı bir  antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə bilər.

Böyrək  və qara ciyər çatışmazlığı olan xəstələr. 

Antibiotikləri təyin etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib hesab edilir. Məhz bu orqanlar, antibiotikləri aktiv şəkildə toplayaraq emal etdikləri üçün, onların təsirindən də ən çox “əziyyət çəkirlər”. Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də antibiotiklərdən istifadə edilməsi üçün, böyrəklərin və qara ciyərin kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit), həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir. Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən (penisillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar.

 Antibiotiklər – allergik reaksiya verə bilən dərmanlardan biridir. Allergiya yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi,ağır halda isə,vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə həkim qəbulunda olarkən,sizdə allergiyaya meylliliyin olması,həmçinin nə vaxtsa  hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi hadisəsi barədə həkimə mütləq  məlumat vermək lazımdır. Həmin antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbətdə ki, allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.
Bir daha yadda saxlayın – pis dərman olmur. Sadəcə olaraq, bəzi hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə “arxayın” olan xəstələr bu dərmanları “yersiz” olaraq təyin edirlər.

Antibiotik hansı hallarda istifadə olunmalıdır?

İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir.Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Antibiotikin lazımsız yerə istifadəsinin zərərləri

Antibiotiklərin nəzarətsiz və çox istifadəsinin yaratdığı bir çox problemlər vardır. Bunlardan ən başlıcası bədənin antibiotikə qarşı müqavimətli olmasıdır. Bunun nəticəsində də bakteriyalar hər hansı bir antibiotikin olmasına baxmayaraq törəməyə davam edirlər və gələcəkdə antibiotik qəbuluna ehtiyac olduğu zaman qəbul olunan antibiotiklər heç bir işə yaramırlar. Antibiotikin lazımsız yerə istifadəsi insan üçün lazımlı olan bakteriyaları öldürüb, digər zərərli bakteriyaların orqanizmdə yerləşməsinə şərait yaradır. Bundan əlavə, böyrək və qaraciyərin funksiyalarının pozulmasına, eşitmə problemlərinə və digər mühüm yan təsirlərə malikdir.

Antibiotik istifadəsində edilən səhvlər

  • Antibiotik istilik salmır.Yalnız müvafiq dozada və formada qəbul edildikdə xəstəliyə səbəb olan infeksiyanı aradan qaldırdığı üçün istilik aşağı düşür.
  • Qrip və soyuqdəymə kimi virus mənşəli xəstəliklərdə antibiotik istifadəsinə ehtiyac yoxdur.
  • Antibiotik ağrı kəsici deyil, burun axıntısını və öskürəyi azaltmır.
  • Həkimin məsləhət gördüyü istifadə müddəti bitmədən, uşaq yaxşılaşıb deyə antibiotik qəbulunu dayandırmaq xəstəlik faktorunun yox olmasına mane ola və yenidən təkrarlamasına səbəb ola bilər. Antibiotik qəbulunu tez dayandırmaq ona qarşı müqaviməti artırır və daha sonra eyni xəstəliklə qarşılaşıldığı zaman daha güclü bir antibiotik qəbul etmək lazım olur

Diqqət etməli olduqlarımız

  • Həkiminiz antibiotik yazdığı zaman müalicə təlimatlarını diqqətlə yerinə yetirməli və uşağınızın müalicə müddətini izləməlisiniz.
  • Uşağınız bir az yaxşılaşan kimi antibiotik qəbulunu dayandırmayıb, həkimin məsləhət gördüyü müddəti tamamlamalısınız.
  • Artıq qalan dərmanı sonra yenidən istifadə etməməlisiniz.Ümumdünya Səhiyyə Təşkilatı antibiotiklərin təxminən 50%-nin lazımsız yerə istifadə olunduğunu qeyd edir. Bu isə bakteriyalarda antibiotikə qarşı müqavimət yaradır və onun bakteriyalar üzərində təsirini yox edir.
Cəmiyyətin və uşaqların sağlamlığı üçün antibiotik istifadəsində olduqca diqqətli olmalı, lazımsız və həkim nəzarəti olmadan qəbul edilməməlidir. Xüsusilə körpələrdə ən yaxşı antibiotikin ana südü olduğu unudulmamalı və antibiotik istifadəsi yalnız həkim məsləhət görərsə həyata keçirilməlidir. Beləliklə, mümkün olduğu qədər az antibiotik istifadə etməyə və yalnız həkimin məsləhət gördüyü dozada və müddətdə qəbul etməyə diqqət yetirin.

 

Antibiotiklərin yaranma tarixi,təsir mexanizmi və qrupları hakkında əlavə məlumat üçün bu yazımızı oxumanızı tövsiyyə edirik.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/farmokologiya/antibiotiklerinistifadesi
  • Follow by Email
  • RSS