Hamiləliyin qarşısını alma üsulları

Hamiləliyin qarşısını alma üsulları

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də hamiləliyin qarşısını alma  üsulların seçilməsidir.

Kontrasepsiya – hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir.

Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır?

Kontrasepsiyanın bir neçə növü var:

Təqvim metodu

Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün, spermatozoidlər isə qadın orqanizminə daxil olandan sonra 5 günə qədər saxlaya bilir.

Deməli, mayalanma və hamiləliyin ən çox baş verməsi ehtimalı ovulyasiyaya 5 gün qalmış və ovulyasiyadan 2 sonrakı gün ərzində baş verə bilər. Bu da menstruasiya tsiklinin 7-18-ci günlərinə təsadüf edir. Menstrual tsiklinin məhz bu günlərində qadın və kişi, ya digər kontrasepsiya üsullarının birindən istifadə etməli, ya da cinsi əlaqədən ümumiyyətlə çəkinməlidirlər. Bu variant menstrual tsikli müddəti 2-3 günə qədər dəyişilə bilən qadınlara uyğun gəlir.

 

Kontraseptiv Həblər 

Hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır.  Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.Riqevidon,postinor,diane,janin bu həblərə aiddir.

Plastır

 Kontraseptiv plastır (5×5 sm) dəri üzərinə yapışdırılır və sintetik hormon (estrogen və progestin) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir və ifraz olunmuş hormonlar dəri vasitəsilə qana keçir. Qadın orqanizminə təsiri kontraseptiv həblərlə eynidir.  Kontraseptiv həblər kimi, plastırların da istifadəsi asandır, amma onu həftədə bir dəfə dəyişmək lazımdır. Dəri üzərinə yapışdırılan bu vasitə görünəndir, bəzən də dərinin qıcıqlanmasına səbəb olur.  

Vaginal Halqa

 Plastik materialdan hazırlanır və tərkibində qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik iki hormon (estrogen və progestin) vardır. O, uşaqlıq yoluna yerləşdirilir. Tərkibindəki hormonlar qan dövranına sovrulur və qadını arzuolunmayan hamiləlikdən qoruyur. Üstün və çatışmayan tərəfləri, əlavə təsirləri  kontraseptiv həblərlə eynidir.

Kişi  Prezervativləri

Ən geniş yayılmış mexaniki kontraseptivlərə prezervativ və uşaqlıqdaxili diafraqmalar (həmcinin qapaqcıq və həlqələr) aiddir. Onlar bir vəzifə daşıyırlar ki, bu da spermatozoidlərin daxilə doğru hərəkətinin qarşısını alaraq uşaqlıq borularına daxil olmalarına (son nəticədə mayalanmaya) mexaniki maneə yaratmaqdır.

Qapaqcıq və diafraqmalar uşaqlıq boynuna taxılır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı olacaq. Bəzi qapaqcıq və diafraqmalar spermatozoidləri məhv edən nonoksinol-9 maddəsi ifraz edərək daha güclü müdafiəni təmin edirlər.

Prezervativlər yalnız bir dəfə istifadə edilən çox rahat və ucuz vasitədir. Onları alarkən yararlıq tarixinə (bu 5 ildir) fikir verin! Prezervativlər həmcinin zöhrəvi xəstəliklərə yoluxmasında (xüsusən spermisidlərlə birgə istifadə edildikdə) qarşısını alır.

 Rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Qadını hamilə qalmaqdan qoruyan bu vasitədən kişilər hər cinsi əlaqə zamanı istifadə etməlidirlər. Düzgün və müntəzəm istifadə olunduqda yüksək dərəcədə etibarlıdır. Hər prezervativ yalnız bir dəfə istifadə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, prezervativ həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan və HIV/AIDS-dən qoruyan yeganə üsuldur!

Uşaqlıqdaxili Vasitə (UDV, spiral )

Hamiləliyin qarşısını almaq üçün plastik materialdan hazırlanmış kiçik ölçülü elastik vasitədir. UDV təlimləndirilmiş tibb işçisi tərəfindən uşaqlıq boşluğuna qoyulur. Üsulun istifadəsi çox əlverişlidir, o, qadını 1-10 il və daha artıq müddət ərzində (növündən asılı olaraq) arzuolunmaz  hamiləlikdən qoruya bilər. Spiral uşaqlıq boşluğundan çıxarıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti dərhal bərpa olunur. Yüksək dərəcədə etibarlı və zərərsizdir.

Uşaqlıqdaxili vasitələr (UDV) uşaqlıq daxilinə yeridilərək uzun illər ərzində hamiləliyin qarşısını alan kiçik bir qurğudur. Hal-hazırda tərkibində mis olan UDV-dən geniş istifadə olunur. UDV-lər spermatozoidlərin uşaqlıqdan keçməsinə, yumurta hüceyrəsinin uşaqlıq boşluğuna doğru hərəkətinə maneçilik törədir; mayalanmış hüceyrənin uşaqlıq divarına daxil olmasının qarşısını alır.

Bəzi UDV-lərin tərkibində progesteron hormonu olur. Belə UDV-lər hər gün uşaqlıq boşluğuna çox kicik dozalarda (mikrodoza) hormon ifraz edərək, onun seliyinin bərkləşməsinə səbəb olaraq, spermatozoidlərin uşaqlığa daxil olmasına mane olur. UDV-lər yüksək effektivliyə (hamiləliyin baş vermə ehtimalı yalnız 100 qadından 1-də ola bilər) malikdirlər və daxil edilmə anından etibarən 10 ilə qədər müddətdə arzuolunmayan hamiləliyin qarşısını alır. UDV-lər xaric edildikdən çox az bir müddət keçdikdən sonra qadınlar dölyaratma funksiyalarını bərpa edə bilirlər.

UDV-lərdən üzərində yazılmış vaxtdan artıq (son istifadə tarixi) istifadə etmək olmaz, çünki bu zaman cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin inkişaf etməsi təhlükəsi artır. UDV-lərin seçilməsi, uşaqlıq daxilinə daxil və xaric edilməsi yalnız ixtisaslı həkim tərəfindən həyata keçirilir.

UDV-lər uşaqlıq daxilinə menstrual tsiklin istənilən günündə daxil edillə bilər. UDV-lərdən istifadə edilərkən ilk bir neçə ay ərzində menstruasiya zamanı ganaxma və ağrıların əmələ gəlməsi də mümkündür.

İltihabi xəstəliklərin əmələ gəlməsinə səbəb ola biləcəyini nəzərə alaraq UDV-lərdən istifadə etmək doğmamış qadınlara məsləhət görülmür. Çünki bu cinsi yolların iltihabi xəstəlikləri sonsuzluğun əmələ gəlməsinin əsas səbəblərindən biridir.

Uşaqlıqdaxili kontrasepsiya aşağıdakı hallarda mütləq olaraq əks-göstəriş hesab edilir:

  • daxili və xarici cinsiyyət orqanlarının kəskin və xroniki iltihabi xəstəlikləri;
  • hamiləliyin baş verməsi ehtimalı;
  • reproduktiv sistemin onkoloji patologiyaları;
  • aydın olmayan etiologiyalı uşaqlıq qanaxmaları;
  • UDV-lərin muvəffəqiyyətlə daxil edilməsi və effektiv işlədilməsinə mane olan uşaqlığın patoloji vəziyyətləri (uşaqlıq yolu stenozu, uşaqlığın fibromatozu və s. bu kimi patoloji qüsurları);
  • misə qarşı allergiya.

UDV-lərdən istifadə edilməsinin nisbi əks-göstərişləri:

 öncə baş vermiş uşaqlıqdankənar hamiləlik; qan laxtalanması pozğunluqları (koaqulopatiya); ürək qüsurları; qeyri-requlyar menstruasiya tsikli və ya ağrılı menstruasiyalar. Bu patologiyaların təsadüf etdiyi hər bir halında UDV-lərdən istifadə edilməsinin mümkünlüyü yalnız həkim tərəfindən təyin edilə bilər.

Spermisidlər

Kimyəvi kontraseptiv preparatlar uşaqlıq yoluna düşmüş spermatozoidləri tələf edir. Buna görə də onlar spermisidlər adlanır. Spermisidlər istifadə üçün daha rahat olub, qısa müddət təsir göstərir və təsadüfi hallarda əlavə narahatlıqlar yaradır. Bundan başqa onlar virus və bakteriyalara öldürücü təsir göstərərək cinsi orqanlarda iltihabi proseslərin inkişafının qarşısını alırlar.

Spermisidlər həb (tablet), şam, pasta, gel, köpük və digər şəkillərdə buraxılır. Onların əksəriyyətinin tərkibində nonoksinol-9 maddəsi olur. Pastalar, gellər, köpüklər tezliklə selikli qişada quruyaraq qoruyucu təbəqə əmələ gətirir. Tablet və şamlardan istifadə etdikdən yalnız 10-15 dəqiqə sonra həll olunduqlarını nəzərə almaq lazımdır.

Öz-özlüyündə kimyəvi üsul o qədər də effektiv deyil. Bu üsulu mexaniki kontrasepsiya üsulları ilə birgə tətbiq etmək məsləhətdir. Spermisidləri qadınlar istənilən yaşda, hətta laktasiya, doğus və abortdan sonrakı dövrlərdə də istifadə edə bilərlər.

Təcili Kontrasepsiya (TK) 

cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını almaq üsullardır.

TK məqsədilə aşağıdakı vasitələrdən istifadə olunur:

•           Kontraseptiv həblər.

•           Mis tərkibli UDV-lər.

Təcili kontrasepsiya isə yalnız aşağıdakı hallarda istifadə edilir:

•           Qadın qorunmamış cinsi əlaqədə olduqda;

•           Qadın məcburi cinsi əlaqədə olduqda və ya zorlama hallarında;

•           Prezervativ cırıldıqda;

•           UDV/Spiral düşdükdə.

 

Təcili kontrasepsiya qorunmamış cinsi əlaqədən sonra 5 gün ərzində (mümkün qədər tez) istifadə olunmalıdır. Əgər siz vaxtında hərəkət etsəniz, təcili kontrasepsiya hamiləliyin qarşısını ala bilər. Təcili kontrasepsiya üsulundan arzuolunmaz hamiləliklərdən qorunmaq üçün müntəzəm istifadə etmək olmaz. Onlardan yalnız təcili hallarda istifadə edilir. Bir zəruri məqamı da xatırladaq ki, bu üsul hamiləliyin qarşısını almağa yönəlib, TK abort törətmir və artıq mövcud olan hamiləliyə mənfi təsir göstərmir.

Döşlə Əmizdirmə Metodu 

(LAM – Laktasion Amenoreya Metodu) – təbii üsuldur. Bu üsuldan doğuşdan sonra 6 ay müddətində istifadə etmək olar. Laktasion Amenoreya – əmizdirmə ilə bağlı aybaşının olmaması deməkdir. LAM-ın əsasını əmizdirmə zamanı qadının hamilə qalmaq qabiliyyətinin müvəqqəti dayanması təşkil edir. Doğuşdan sonra körpəsini əmizdirən bütün qadınlar bu üsuldan təhlükəsiz  istifadə edə bilərlər.

LAM-ın istifadəsi üçün 3 şərt eyni vaxtda mövcud olmalıdır:

  • Doğuşdan sonra ananın aybaşı dövrünün bərpa olunmaması,
  • Körpənin 6 aydan kiçik olması,
  • Körpənin tələbatına uyğun tez-tez, gecə və gündüz yalnız ana südü ilə qidalandırılması.

 

Qeyd edək ki:

 • LAM-ın istifadəsini dayandırdıqdan sonra qadının nəsiltörətmə qabiliyyətinin (fertillik)    bərpası qadının körpəni əmizdirdiyi müddətdən asılıdır.

• LAM-ın istifadəsi həm ananı, həm də uşağın sağlamlığı üçün faydalıdır.

• 6 aydan sonra qorunmanı davam etdirmək üçün qadın digər üsuldan istifadə etməlidir.

 

Təbii Üsullar

Təbii üsulların (TÜ) əsas prinsipi – aybaşı dövrünün müəyyən günlərində qadının hamilə qalmaq ehtimalının çox yüksək olması ilə bağlıdır. Bu günlər “fertil” və ya “təhlükəli” günlər adlanır. TÜ qadının hamilə qalmaq ehtimalının yüksək olduğu günlərin (fertil günlər)  müəyyənləşdirilməsinə əsaslanır. Bu məqsədlə qadın aybaşı dövrü ərzində öz orqanizmində baş verən dəyişiklikləri müntəzəm izləməli və fertil günlərin başlamasını və bitməsini hesablamalıdır. Fertil günlər ərzində cütlük cinsi əlaqədən çəkinməklə və ya başqa üsuldan istifadə etməklə hamiləliyin qarşısını ala bilər. Təbii üsullara aşağıdakılar aiddir:

•           Standart günlər üsulu;

•           Təqvim üsulu;

•           Bazal bədən temperaturu üsulu;

•           Selik üsulu;

•           Simptotermal üsul.

Bu üsullar müntəzəm aybaşı dövrü olan qadınlarda tətbiq olunur. Təbii üsulların istifadəsi dayandırıldıqdan sonra fertillik dərhal bərpa edilir. Təbii üsullar Cinsi Yolla Yayılan İnfeksiyalardan qorumur. Digər müasir üsullarla müqayisədə, bu üsullar az etibarlıdır. 

Azərbaycanda geniş istifadə olunmayan kontraseptiv üsullar

İnyeksion Kontraseptivlər

iynələrin istifadəsi çox asandır. Bir iynə qadını 2-3 ay ərzində (növündən asılı olaraq) arzuolunmaz hamiləlikdən qoruyur. İynə tibb işçisi tərəfindən vurulmalıdır. Bu üsuldan  müxtəlif yaşda olan qadınlar və həm də döşlə əmizdirən analar istifadə edə bilərlər. İstifadənin bir ilindən sonra çox vaxt aybaşının olmaması müşahidə edilə bilər. Bu,  adi hal sayılır. İnyeksiyanın vurulması dayandırıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyətinin bərpa olunması bir neçə ay çəkə bilər. Bu üsul döşlə əmizdirən qadınlar üçün zərərsizdir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlanılır. Yüksək dərəcədə etibarlı və zərərsiz üsul hesab olunur.

Progestin Tərkibli Həblər 

körpəsini əmizdirən qadınlarüçün bu həblərdən istifadə etmək ən yaxşı seçimlərdən biridir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlana bilər. Qeyd edək ki, bu həblər südün tərkibinə təsir etmir. Hər gün eyni vaxtda bir həb qəbul edilir.

Sterilizasiya 

daha uşaq istəməyən  qadınlar və kişilər üçün daimi kontrasepsiya üsuludur. Qadınlarda cərrahi yolla uşaqlıq borularının bağlanmasıdır, buna Qadın Sterilizasiyası deyilir. Kişilərdə cərrahi yolla toxum daşıyıcı axarların bağlanmasıdır, buna Kişi Sterilizasiyası deyilir. Bu kontrasepsiya üsulunda ciddi ağırlaşmalar nadir hallarda müşahidə olunur.

İmplantlar 

qadının qol nahiyəsində dəri altına yerləşdirilən bir və ya bir neçə kiçik plastik çöp və ya kapsul şəklində olur. Növündən asılı olaraq hamiləlikdən 3-7 il müddətində qoruyur. Qadın istənilən vaxt implantları çıxartdıra bilər. İstifadəsi zamanı aybaşı dəyişikliklərinə tez-tez təsadüf olunur. Bu kontrasepsiya üsulu da yüksək dərəcədə etibarlı və zərərsiz hesab olunur.

Diafraqma 

əsasən nazik yumşaq lateksdən və ya silikondan hazırlanır. Dairəvi formada və müxtəlif ölçüdə olur. Diafraqma uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim Sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı ola bilər. Diafraqma hər dəfə cinsi əlaqədən əvvəl uşaqlıq boynuna keçirilir. İstifadə üçün mütləq ginekoloq müayinəsi tələb olunur. Spermisidlə birlikdə istifadə edildikdə daha etibarlıdır. Ancaq diafraqma üsulu sidik yolu infeksiyalarının yaranmasına şərait yarada bilər.

 

Kontrasepsiyanın cərrahi üsulu

Qadın sterilizasiyası

Ümumi narkoz altında uşaqlıq boruları bağlanır. Beləliklə, spermatozoidlər və yumurta hüceyrə biri biri ilə “görüşə” bilmədikləri üçün mayalanma da mümkün olmur.

Bu kontrasepsiya üsulu ancaq tibbi göstəriş olduqda tətbiq edilə bilər. Məsələn, əgər qadın üçün hamiləlik, həmçinin süni abort etmək əks-göstərişdirsə və digər bütün kontrasepsiya üsulları ona uyğun gəlmirsə.

Bu üsulun mənfi tərəfi odur ki, proses dönməzdir və mayalanmanın təbii yolla bərpa edilməsi bir daha mümkün olmur.

Kişi sterilizasiyası (vazektomiya)

Əməliyyat yerli keyləşdirmə ilə 15-20 dəqiqə davam edir (kisi əməliyyat qurtaran kimi evə qayıda bilir). Mürəkkəb olmayan cərrahi əməliyyat vasitəsi ilə kişinin toxumçıxarıcı yolları hər iki tərəfdən kəsilir. Xayalar salamat qalaraq hormon ifraz etməkdə davam edir, kişinin cinsi meylliliyi, ereksiya, orqazm kimi xüsusiyyətləri normal olaraq qalır. Əməliyyatdan bir neçə gün sonra təkrarən həkimə müraciət etmək, spermada spermatozoidlərin olub-olmamasının yoxlanılması üçün laborator müayinədən keçmək lazımdır. Spermanın spermatozoidlərdən azad olunması 3 ayadək çəkə bilər. Buna görə də laborator müayinələr spermada spermatozoidlərin olmadığını təsdiq edənə qədər digər kontrasepsiya üsullarından istifadə etmək məsləhət görülür.

 

  •  Həblərin düzgün qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Onların düzgün qəbul edilməməsi bu kontrasepsiyanın effektsizliyinə səbəb olur.

Daxilə qəbul edilməyə başladıqdan sonrakı 1 neçə ay ərzində ürəkbulanma, uşaqlıq yolu ifrazatının dəyişilməsi, yüngül halsızlıq kimi hallar baş verə bilər. Bu orqanizmin yeni hormonal fona uyğunlaşması ilə izah olunur.

  • Siqaret çəkən qadınlara 35 yaşından sonra bu qəbldən olan preparatlarların qəbul edilməsi məsləhət görülmür. Çünki bu dövrdə onlarda əlavə yanaşı təsirlər ortaya çıxa bilər.
  • Son zamanlar tətbiq edilməyə başlanan yeni hormonal həblər qadınlar üçün daha təhlükəsiz hesab edilir, kökəlməyə səbəb olmurlar.
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS